Narahat artım: Büdcəyə yenidən baxılmasının mənfi tərəfləri hansılardır? | TƏHLİL

      Narahat artım:    Büdcəyə yenidən baxılmasının mənfi tərəfləri hansılardır?    | TƏHLİL
  10 İyun 2024    Oxunub:2714
Cari ilin dövlət büdcəsinə nəyə görə yenidən baxıldığı və dəyişikliklər edildiyi aydındır. Buna həm neft ilə qazın dünya bazar qiymətlərinin əlverişli olması, həm də ölkə iqtisadiyyatının qeyri-neft sektoru, büdcə üzrə proqnozların yerinə yetirilmə səviyyəsi şərait yaradıb.
Ölkə iqtisadiyyatı üçün ilin yaxşı başladığı hələ yanvardan məlum idi. İlk 3 ay ərzində həm ÜDM istehsalında müsbət dinamika davam etdi, həm də dövlət büdcəsi artıqlaması ilə icra olundu. Birinci rüb ərzində ölkədə 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ÜDM istehsal olundu. Qeyri-neft-qaz sektoru 6,7% artaraq, 18,7 milyard manata çatdı. Dövlət büdcəsinin icrası da gəlirləri 9 milyard 234 milyon 300 min manat, xərcləri isə 8 milyard 412 milyon 600 min manat təşkil etməklə, 821 milyon 700 min manat profisitlə yekunlaşdı. Dövlət Neft Fondundan (ARDNF) transfert nəzərə alınmadan büdcə gəlirləri 12,9% çox icra edilməklə 6 milyard 03 milyon 900 min manat təşkil etdi.

Ümumiyyətlə, 2024-cü ilin ilk rübü ərzində dövlət büdcəsinin gəlirləri 8 milyard 544 milyon 800 min manat proqnoza qarşı 9 milyard 234 milyon 300 min manata bərabər olmuşdu ki, bu da 689 milyon 500 min manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4% və ya 944 milyon 300 min manat çox demək idi.

Bütün bu göstəricilər üzrə tendensiya apreldə də davam edib. ÜDM istehsalı 38 milyard 181 milyon 900 min manata çatmaqla 4,3%, o cümlədən, qeyri-neft-qaz sektoru üzrə 24 milyard 247 milyon 300 min manat təşkil etməklə 7,7 faizin üzərinə qalxıb. Odur ki, ilin ilk yarısının başa çatmaq üzrə olduğunu nəzərə alsaq, cari ildə büdcənin vəziyyətinin qənaətbəxş olacağını gözləməyə əsas var.

Lakin ölkədə görüləsi işlər çoxdur, yerinə yetirilməsi vacib sayılan böyük maliyyə tələbli vəzifələr mövcuddur. Böyük Qayıdış Dövlət Proqramı, müdafiə qabiliyyətini və milli təhlükəsizliyi möhkəmləndirmək, infrastruktur layihələrinin icrası və s. kimi məsələlər bura daxildir. Gəlirlər artdıqca xərcləri də eyni templə genişləndirmək tələb olunduğundan, izafi vəsait bölüşdürülməlidir. Çünki sözügedən vəzifələr ölkə üçün o qədər əhəmiyyətlidir ki, daxili imkan əl verməsəydi, xarici mənbələrə üz tutmalı olacaqdıq. Bu baxımdan, yuxarıda sadalanan rəqəmlərə görə həqiqətən, bəxtimiz gətirib.

Ancaq hər dəfə qeyd etmişəm və təkrarlayıram: büdcəyə hər il ilin may və iyun aylarında yenidən baxılan zaman gəlir və xərcləri necə gəldi artırmaq da olmaz. Bu, düzgün deyil. Xüsusən də ARDNF-dən transfertin hesabına...

Yeri gəlmişkən, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat nəzərdə tutulub. Kəsirin yuxarı həddi 2 milyard 590 milyon manat proqnozlaşdırılmışdı. 2024-cü il üzrə proqnozlaşdırılan gəlirlərin 50,2%-i və ya 17 milyard 16 milyon 400 min manatı neft sektorunun payına düşürdü. Bunun da 74,5%-i, yəni 12 milyard 78 milyon 100 min manatını ARDNF-dən transfert təşkil edir.

Yenidən baxılma nəticəsində gəlirlər 36 milyard 35 milyon 300 min manat olacaq ki, bu da proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və yaxud 6,4% çox deməkdir. Təqdirəlayiq haldır ki, bu vəsait Neft Fondu hesabına həyata keçirilməyəcək. Yəni, ARDNF-dən əlavə transfert olmayacaq. Keçən il büdcəyə yenidən baxılan zaman ARDNF-dən transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4,05% çox həyata keçirilmişdi. 2022-ci ildə isə adıçəkilən fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert 1 milyard 192 milyon 500 min manat azaldılmışdı. Nəticədə, ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artması fonunda həqiqətən böyük hadisə sayıldı.

2021 və ondan əvvəlki ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat təsdiq edilmişdi. 2022-ci ilin dövlət büdcəsində isə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4,2% çox proqnoz edilmişdi. Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.

Demək istədiyim budur ki, neftin dünya bazar qiymətlərinin neçə illərdir həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olmasından, digər tərəfdən isə qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək ARDNF-dən transfert azaldılmalıdır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, gəlirin artırılması Neft Fondu hesabına həyata keçirilməsin.

Bununla belə, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsi kəsirinin 764 milyon 300 min manat böyüdülməklə 3 milyard 354 milyon 300 min manata çatdırılırması amılı də ayrıca diqqət çəkir. Kəsir artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin olunacaq.

Dövlət büdcəsinin gəlir və xərclərinin kəsirin yüksəldilməsi hesabına artırılması da yaxşı hal deyil. Üstəgəl, iqtisadi artım fonunda inflyasiyanın aşağı səviyyəsi, xarici ticarət dövriyyəsinin enməkdə olması da nəzərdən qaçırılmalı deyil.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Büdcə  





Xəbər lenti